QONŞU ÖLKƏLƏRİN UTİLİZASİYA TƏCRÜBƏSİ

Son günlərdə ölkə ərazisində olan avtomobillərin utilizasiyası məsələsi yenidən gündəmə gəlib. Məsələ burasındadır ki, bu proqram 2019-2023-cü illərdə həyata keçməlidir. Çox güman ki, 2023-cü il 1 Yanvar tarixinə qədər mühüm qərarlar alınacaq. Hələ ki, müvafiq qurumlar ilə razılaşmalar aparılır. 

Lakin söhbət açmaq istədiyimiz mövzu ölkəmizin utilizasiya proqramı haqqında deyil. Çünki bunun detalları haqqında məlumatımız yoxdur.

Bu məsələ yenidən gündəmə gəldikdə kiçik bir araşdırma edib, “Qonşu ölkələrdə bu proses necə gedir? Hansı avtomobillər utilizasiya olunur və ya prosesin gedişatı necədir?” sualına cavab tapmağa çalışdıq.

Ümumiyyətlə utilizasiya nədir?

Ömrünü başa vurmuş, paslanmış, qəza keçirmiş, yanmış, mühərrik və əyləc sistemi işləməyən - yararsız hala düşmüş avtomobillərin yollardan çıxarılması prosesi utilizasiya adlanır.

Bəs yaxşı bu proses başqa ölkələrdə necə işləyir?

Başlayaq qardaş ölkə Türkiyədən.

Türkiyədə bu prosesə 2013-cü ildən başlanmış və yaşı 15-in üzərində olan avtomobilləri müəyyən pul müqabilində sahibindən alıb, utilizasiya edirlər. Amma burada bir məqam var. Bu proses tam könüllülük əsasında həyata keçirilir - o zamana qədər ki, avtomobiliniz tam yararlı olsun.

Yəni siz avtomobilinizi yoxlanış məntəqəsinə gətirib texniki baxışdan keçirirsiniz. Müayinə əsasında avtomobilinizdə zəhərli qazların ixracında, mühərrik, əyləc sistemi və ya gövdəsində ciddi çatışmazlıq aşkarlanmadığı halda idarə etməyə davam edirsiniz. Əgər ki, ciddi problemlər olarsa avtomobilinizi idarə etməkdən məhrum olur və qiymətləndirməyə göndərilirsiniz.

Texniki və maliyyə mühəndisləri avtomobilinizə müəyyən qiymət verdikdən sonra həmən məbləğ dəyərində avtomobil satış salonlarında endirimə malik olursunuz və ya Xüsusi İstehlak Vergisindən azad olunursunuz.

Bəs şimal qonşumuz Rusiyada bu proses necədir?

Rusiya Federasiyasında bu proqrama 2010-cu ildən qərar verilib, lakin eyni ilə bizim kimi başlaya bilməyiblər. Son illərdə müəyyən nailiyyətlər əldə olunub, amma Türkiyədən fərqli olaraq bəzi fərqli tələblər ilə.

Fərqlərdən ən gözə çarpanı isə utilizasiya olunacaq avtomobil mütləq şəkildə Rusiya Federasiyası ərazisində istehsal olunmalı və ya burada yığılmalıdır. Digər müddəalar Türkiyə ilə demək olar ki eynidir.

Hətta Rusiya hökuməti hansı avtomobillərin utilizasiya olunacağının siyahısını belə tərtib edib:

  •  Лада 
  • УАЗ (Patriot и Hunter)
  • ГАЗ
  • Opel (Meriva, Corsa, Insignia , Astra, Mokka, Antara
  • Peugeot (Boxer, 408 и 4008).
  • Renault (Logan, Sandero, Duster, Fluence и Koleos ).
  • Hyundai (Solaris, Creta);
  • Nissan (Terrano, Almera, Teana).
  • Skoda (Fabia; Rapid, Octavia, Yeti).
  • Volkswagen (Jetta, Polo).
  • Citroen (C4).
  • Mitsubishi (Outlander, Pajero Sport).
  • Ford (Focus, S-Max, Galaxy, Mondeo, Kuga AWD, Ecosport AWD).



Türkiyədən fərqlənən digər nüans isə, avtomobillərin müayinə və qəbulunu Rusiya hökuməti diler mərkəzlərinə həvalə edir və ya avtomobilin metal konstruksiyası ağırlığında pul almaq imkanı yaradır.

Yəni, məsələn sizin Ford və ya Mitsubishi avtomobiliniz varsa və o avtomobil Rusiyada istehsal olunubsa o zaman avtomobilinizi rəsmi diler mərkəzinə gətirib qiymətləndirirsiniz və avtomobilinizin dəyəri müqabilində istənilən rəsmi servisdən endirim əldə edirsiniz.

Və ya siz yeni avtomobil almaq istəmirsiniz, amma avtomobiliniz qəza və ya təbii fəlakət nəticəsində yarasız hala düşüb. Bu zaman xüsusi qəbul etmə məntəqəsinə avtomobilinizi evakuator vasitəsilə gətirib avtomobilin metal konstruksiyasının çəkisi müqabilində dövlətin təyin etdiyi qiymət əsasında avtomobilinizi “metal qəbul məntəqəsinə” təhvil verirsiniz. Vəsait isə bank hesabınıza köçürülür.

Təbii ki, bütün sadalanan bu proseslər hüquqi sənədləşmə əsasında yerinə yetirilir.

 

 

*Kiçik bir xatırlatma edək ki, adı çəkilən hər 2 ölkənin kifayət qədər avtomobil istehsal edən zavodları mövcuddur.

Qayıdaq məmləkətə.. "Bizdə utilizasiya necə olacaq, hansı qaydalar çərçivəsində olacaq?" bunu ancaq yaşayıb görə bilərik. Belə...

Cəfər Abdullayev





1198 25-11-2022

Paylaş:

Digər xəbərlər