Son zamanlar müşahidə etdiyim bir halı sizinlə bölüşmək istəyirəm. Havalar soyuyandan əksər avtomobillərin təkər hava təzyiqi aşağı düşür. Bu fizika qanunudur, amma əsas problem sürücülərimizin avtomobilləri belə halda idarə etməsidir. Sözsüz ki, tam boşalmış təkərlərdən söhbət getmir. Söhbət isti havalarda təkər təzyiqi 2.0 – 2.1 bar saxlayan, amma qışda özünün də xəbəri olmadan avtomobilində təkərinin təzyiqi 1.4-1.6 bar-a düşən sürücülərdən gedir.
Mən də istədim ki, aşağı təzyiqli təkərlə avtomobil idarə etmənin fəsad və nəticələrindən bir balaca məlumat verim.
Birincisi onu deyim ki, havalar soyuyan kimi təkərlərdə təzyiqin düşməsi fizika fənnindən öyrəndiyimiz - qazların istidə genişlənib, soyuqda isə molekul arası məsafələrin azalmasından dolayı təzyiqinin düşməsindən baş verir.
Bu hal təbii təbiət qanunudur. Əsas məsələ bu halı nəzarətdə saxlamaq və təhlükəsizliyə əməl etməkdir.
Beləliklə təkərdə hava təzyiqinin aşağı olması nələrə səbəb olur?
- Yanacaq sərfiyyatı artır.
Bəli, təzyiq normadan aşağı düşən zaman təkərin yer ilə sürtünməsi artdığından avtomobil zavod göstəriciləri ilə deyil də, daha artıq yanacaq sərf edir ki, bu da cibinizə ziyandır.
- Təkərin ömrü azalır.
Hər təkər istehsal edilərkən müəyyən sürüş ömrü verilir. Məsələn, filan qədər kilometr sürüşdən sonra təkərin üst protektorları yeyiləcək. Təzyiq aşağı olan zaman həmən protektorlar daha tez yeyilməyə başlayır ki, bu da öz növbəsində təkərin ömrünü 20-30% zamanından daha tez bitirir. Etiraf edək ki, müasir dövrdə təkər elə də ucuz ehtiyat hissəsi deyil. Ona görə bu nüansa fikir vermək lazımdır.
- İdarə etmə pisləşir.
Təkər təzyiqi aşağı olan zaman avtomobilin idarə etməsi pisləşir. Xüsusilə döngələrdə bunu hiss edə bilərsiniz, hətta bu avtomobilin qəza etməsinə qədər gətirib çıxara bilər.
- Təkərin həddən artıq qızması.
Sonuncu və ən əsası - hava təzyiqi təkərdə normadan aşağı olan zaman təkər qızmağa başlayır. Bu da öz növbəsində təkərin partlamasına, hətta yüksək sürətdə sizin qəza etmənizə səbəb ola bilər.
Bəs nə edək ki, bunlar baş verməsin?
Ən azı ayda bir – iki dəfə təkərin hava təzyiqini yoxlatmaq lazımdır.
1998-ci ildən bəri istehsal olunan avtomobillərin bəzilərində yanacaq doldurma qapağının içərisində, bəzilərində isə sürücü tərəf qapı kandarında zavod təkər ölçüsü və hava təzyiqi haqqında məlumat verilir. Təzyiqləri orada qeyd olunan şəkildə saxlamaq sürücülər üçün mühüm məsələ olmalıdır.
Burada bir məqamı da qeyd etmək istəyirəm ki, təkərləri həddindən artıq doldurmaq da təkərlərin ömrünə mənfi təsir edir və idarə etməni pisləşdirir. Necə ki, aşağıdakı şəkildə həm normadan az, həm də normadan çox təzyiqli təkərin yer ilə təmasını görə bilərsiniz.
Müasir maşınlarda təkər təzyiqini bildirən xəbərdar edici bir işıq yanır bu sürücülərin işini asanlaşdırır amma çox təəssüf ki, əksər sürücülər bu xəbərdarlığa məhəl qoymurlar ki, sonda yollarımızda baş verən qəzaların 40%-i nasaz təkər səbəbindən baş verir.
Sizə məsləhətim, avtomobilinizdə təkər hava təzyiqi aşağıdırsa yola çıxmayın hələ-hələ avtomobilinizə sərnişin götürəcəksinizsə bu artıq yük deməkdir ki, bu da təkərlərdə təzyiq aşağı olduğu zaman yuxarıda sadaladığım mənfi cəhətlər daha tez başa verə bilər. Ən yaxşısı sizə ən yaxın olan təkər təmiri məntəqəsinə yaxınlaşıb təzyiqləri normal hala gətirin.
Unutmayın ki, heç kim qəzadan sığortalı deyil. Qəzanı önləmək isə sizin əlinizdədir.
Belə.. Düşünürəm faydalı oldu..
Cəfər Abdullayev