DİZEL AVTOMOBİL SÜRÜCÜLƏRİNƏ MƏSLƏHƏTLƏR

Bu günlərdə dizel avtomobil axtararkən ətrafdakı tanış-bilişimin qəribə məsləhətləri məni şübhələrə saldı. Bu səbəbdən dizel avtomobil sahibləri avtomobilə necə qulluq etməli və ya dizel avtomobil sahiblərinə məsləhətlər toplusunu sizlərə təqdim edirəm.

1. Vaxtı-vaxtında mühərrik yağını tələbə uyğun dəyişmək.

Dizel mühərrikli avtomobllərdə mühərrik yağını yürüş 7500 km-dən çox olmadan dəyişsəniz yaxşı olar. Bura yağ filteri də aiddir. Bəli deyə bilərsiniz ki, yağ istehsalçısı  10.000 km deyir, bu normal dizel yanacağı ilə işləyən avtomobillərə aiddir. Nəzərə alsaq ki, bizim dizel Avro-2 standartı ilə yüksək kükürdə sahibdir və bu da öz növbəsində sistemin oksidləşməsinə və çirklənməsinə gətirib çıxarır.

Sual yaransa ki, hansı tələbə uyğun və ya hansı yağdan istifadə edək, bu haqda Masterclass-da ustalarımız kifayət qədər məlumat verir.

2. Dişli çarxın qayışını vaxtlı-vaxtında dəyişmək.

Təbii ki, sizin avtomobilin mühərriki dişli çarx-qayış ötürməlidirsə. Əksər dizel mühərriklərin ötürmə sistemi dəmir zəncir ilə olur amma müasir avtomobillərdə artıq dişli çarx-qayış ötürmələri ilə də rastlaşırıq. Bu zaman qayışın 60.000-80.000 km sürüş aralığında dəyişilməsinə önəm vermək lazımdır. Əks halda qəfil qırılmalar klapanların porşen ilə görüşməsinə gətirib çıxardır ki, bu da öz növbəsində avtomobil sahibini 1000-2000 azn xərcə sala bilər.

3. Yanacaq sisteminin təmizliyinə diqqət yetirmək.

Bildiyimiz kimi yanacaqda su dizel mühərrikli avtomobillərin düşmənidir. Bu halı nəzərə alaraq dizel süzgəclərin aşağı hissəsindəki xüsusi boşaltma yerindən süzgəcin dibinə çökmüş suyu vaxtaşırı süzmək gərəkir. Yanacaq süzgəcini isə hər 8-10 min kilometr yürüşdən bir dəyişmək daha məqsədə uyğundur. Bu intervalı gecikdirmək elə də məsləhət deyil. Belə ki, tutulmuş süzgəc böyük hidravlik təzyiqlə işləyən yanacaq sisteminin işləməsində maneələr yarada bilər.

4. Soyuq bölgələrə dizel avtomobili ilə səfər edənlər.

Bəlkə də çox dizel mühərrik sahibləri dizel yanacağının -10°S dərəcədə tərkibindəki parafinlərin kristallaşdığını və axıcılığının azaldığını bilmirlər. Düzdür Bakıda qış elə də soyuq keçmir amma qış iqlimi soyuq olan bölgələrdə yaşayan vətəndaşlarımız və ya o bölgələrə səfər edənlər qeyd etdiyimiz hala diqqət yetirsələr yaxşı olar. Çıxış yolu nədir?  Xüsusi “antigel” adlandırılan əlavələrdən yanacağa qatmaq ilə. Bu qədər sadə.

5. Dizel mühərriklər yerində qızmır.

Bu yaxınlarda bir qış ayında dostumun səhər dizel avtomobilini 10-15 dəqiqə qızdırdığının şahidi oldum. Halbuki, dizel mühərrikli avtomobillər hərəkətdə olarkən daha tez işləmə temperaturuna çatır. Sadəcə burada xırda bir nüans var. Hansı ki, buna yay aylarında ehtiyac yoxdur amma qış aylarında mühərrikin dövriyyə sayını 2000-lərdən yuxarı qaldırmamaq şərti ilə soyuq mühərrik ilə yol çıxsanız avtomobiliniz daha tez qızacaq ki, bu da öz növbəsində mühərrikin ömürünün uzadılması deməkdir.

6. Ehtiyyat hissələrində və ustada qənaət etməmək.

Saxta ehtiyat hissələri bazarda daim olub və olacaqda. Düzdür çox zaman aşağı qiymətləri ilə cəlb edici olur amma unutmamaq lazımdır ki, saxta ehtiyat hissəsi almaqla siz həm vaxtınıza, həm cibinizə həm də avtomobilinizə ziyan edirsiniz və ən əsası özünüzü təhlükəyə atırsınız ki, dəfələrlə saxta ehtiyat hissələrinin anidən sıradan çıxması ilə avtomobil yanğınından tutmuş ağır qəzalara kimi xoşagəlməz hadisələrin şahidi olmuşuq.

Belə.. Düşünürəm faydalı oldu.

Cəfər Abdullayev

4470 07-02-2022

Paylaş:

Digər xəbərlər