AVTOMOBİLİNİZ QIŞA HAZIRDIRMI? QISA MƏSLƏHƏTLƏR

Havaların qəfil soyuması və qışın gəlişi ərəfəsində “Avtomobilim qışa hazırdırmı?!”, “Gecə temperatur mənfiyə düşsə, bir şey olmaz görəsən?!” kimi suallar sürücülərimizi rahat buraxmır. Həm qış boyunca əziyyət çəkməmək, həm də soyuq havalarda yollarda qalmamaq üçün aşağıdakı qısa məsləhətləri bir yerə qeyd etsəniz yaxşı olar. Düzdür, Bakıda qış elə də sərt keçmir, amma nəzərə alsaq ki, bizi təkcə Bakıdan deyil həmçinin bölgələrdən, xüsusən Azərbaycanımızın şimal və dağlıq bölgələrindən izləyirlər. Onda bu qısa məsləhətlərimiz sizə faydalı olacaq:

  • Avtomobilin gövdəsini qışa hazırlamaq

Avtomobilinizin gövdəsini payız-qış öncəsi yaxşı-yaxşı nəzərdən keçirməlisiniz. Əgər hər hansı korroziya, paslanma və ya boya atma izləri varsa aradan qaldırsanız yaxşı olar. Çünki yağıntıların artması ilə sadaladığımız zədə izlərinin növbəti ilə artması da qaçınılmazdır. Korroziyaya uğramış hissələri boyamaq imkanınız olmasa o zaman xüsusi doldurucu qələm ilə öncədən təmizlədiyiniz hissələri su-palçıq təmasından qorumaq üçün doldurmaq avtomobilinizi növbəti boya təmirinə qədər qoruyar.

  • Akkumulyatorun vəziyyəti

Havalar soyuyan kimi köhnə akkumulyatorlar sürücüləri incitməyə başlayır. Hələ-hələ siz avtomobili nadir hallarda idarə edənsinizsə və ya uzun müddətli avtomobili işə salmırsınızsa bu hal tez-tez baş verəcək. Bunları önləmək, yolda qalmamaq üçün akkumulyatorları xüsusi multimetr vasitəsilə yoxlamaq gərəkdir. Bunun üçün isə istənilən avto təmirçiyə yaxınlaşmağınız kifayət edir. Avto təmirçiyə getmişkən avtomobilinizin generatorunun da kifayət qədər cərayan verib-vermədiyini yoxlasanız yaxşı olar.

  • Qış təkərlərinə artıq keçmək olar

Təkərlərinizi ümumi baxışdan keçirin, əgər ciddi yeyilmələr varsa dəyişməniz məsləhətdir. Qış təkərlərinə keçmək üçün qarın yağmasını gözləməyin. Havanın teperaturu +5° C-dən aşağı düşübsə qış təkərlərini avtomobilinizə quraşdıra biləriniz. Düzdür, Bakıda elə də sərt qış keçmir amma tez-tez regionlara səfər edənsinizsə və ya elə ölkəmizin soyuq regionlarında yaşayırsınızsa bu məsləhətimizi boşa almayın.

Avtomobilini qarda idarə etməyi sevməyənlər 4 fəsil şinlər ilə də soyuq fəsili keçirə bilərlər.

Qış aylarında təkərlərin havasına periodik baxdırın. Soyuq havalarda, xüsusilə gecə və gündüz temperaturlarında ciddi fərq olduğundan təkərlərdə təzyiqin düşməsi qaçınılmazdır. Təhlükəsizliyiniz baxımından avtomobil istehsalçısının qoyduğu tələbə uyğun olaraq təkər-hava təzyiqini saxlamanız məsləhətdir.

  • İşıq sistemini yoxlayın

Qış aylarında havaların erkən qaralmasını və yağışlı, çiskinli günlərdə görmə məhdudiyyətinin azalmasını nəzərə alaraq avtomobilin işıqlarına daha çox ehtiyac duyuruq. İşıq sistemini yoxlamaqdan ötrü ustaya getməyə ehtiyyac yoxdur. Avtomobilinizdə bütün işıq sistemini qoşun və avtomobilin ətrafına 360 dərəcə dövrə vurun. Yaxın və uzaq, qabarit, duman əleyhinə, nömrə və stop işıqlarını yoxlayın. Ehtiyac olduqda sıradan çıxmış lampaları yenisi ilə əvəz edin.

  • Şüşə silgəcləri və şüşə mayesi

Yağıntıların artması şüşə silgəclərinə daha çox ehtiyac deməkdir. Yay aylarında, xüsusilə qızmar günəş altında qalan rezin şüşə silgəcləri tez sıradan çıxır və mənfi nəticəsini yağıntılı havalarda birüzə verir. Güclü yağışlı və qarlı havalarda əziyyət çəkməmək istəyirsinizsə, indidən sıradan çıxmış silgəcləri dəyişsəniz yaxşı olar. Bu həm də sizin və ətrafdakıların təhlükəsizliyi üçün vacibdir. Havanın temperaturu 0-ın altına düşən kimi sürücülərimiz ən çox şüşə mayesinin donmasından əziyyət çəkirlər. Təsəvvür edin, yağıntılı hava və siz səhər tezdən yola düşürsünüz, bir də baxırsınız ki, şüşə mayesi donub. Bu cür problemi önləməkdən ötrü xüsusi donmaz şüşə mayelərindən istifadə etməniz tövsiyyə olunur.

*İstisna hal:

  • Mühərrikin qışa hazırlanması

Avtomobilində yay və qış fəsil tələbinə uyğun mühərrik yağı istifadə edənlər daha diqqətli olmalıdır. Əgər siz avtomobilinizdə yayda daha qatı (10W-, 15W-), qışda daha duru (5W-) yağlardan istifadə edirsinizsə havalar kəskin soyumamış yağı dəyişsəniz yaxşı olar. Hələ-hələ dağlıq və qış fəsli daha sərt keçən bölgədə yaşayırsınızsa yağ dəyişməni tezləşdirin. Çünki, 15W- ilə başlayan yağlar artıq 0° S-də, 10W- ilə başlayan yağlar isə - 10°S də  qatılaşmağa başlayır. Buda öz növbəsində səhər saatlarında avtomobili işə salmağa çətinlik yarada bilər. Əgər il boyunca sintetik 5W- və ya 0W- ilə başlayan yağlardan istifadə edirsinizsə narahat olmağa dəyməz, növbəti məsləhətə keçə bilərsiniz.

  • Suyu Antifriz ilə əvəz edək

Ümumiyyətlə qış öncəsi mütləq yoxlanılması gərəkən və avtomobildə ən həssas mövzulardan biri soyutma sistemidir. Hələ bura salonun qızdırılma sistemini də əlavə etsək sürücülərimiz qışda əməlli əziyyət çəkə bilərlər. Bəs yaxşı, nə etmək olar? İlk öncə soyutma sistemindəki suyu antifriz ilə əvəz edin. Çünki, gecə düşən qəfil mənfi temperaturlu hava səhər sizə böyük sürprizlər gətirə bilər. Əgər sistemdə hər hansı yerdən axıtma varsa bunun qarşısını mütləq alın, yoxsa qış uzunu sizə bahalı antifriz əlavə etmək qalacaq, bu da əlavə pul itkisi deməkdir. Əgər isti mövsümlərdə avtomobiliniz qaynadıbsa bir ustaya baş çəkib bunu araşdırsanız yaxşı olar. 

Avtomobilin salon qızdırıcısı:  qış öncəsi mühərrik tam qızdıqdan sonra salon isidicisini qoşun, əgər heç bir istilik və ya çox zəif istilik hiss edirsinizsə demək ki, salon qızdırıcısında problem var, qışda soyuqdan donmamaqdan ötrü indidən yoxlatdırsanız yaxşı olar.

Belə... Yollarda ehtiyatlı olun.

Cəfər Abdullayev

2495 15-11-2021

Paylaş:

Digər xəbərlər