CVT HƏQİQƏTƏNMİ PROBLEMDİR?

CVT həqiqətənmi problemdir? CVT sürətlər qutusunu necə idarə etməli?

Avtomat sürətlər qutusu icad olunandan sonra avtomobil idarə etmək çox asanlaşıb. Amma bununla belə ilişmə muftası (сцепления) pedalının olmaması bütün avtomat sürətlər qutusunun oxşar olması mənasına gəlmir.

Avtomat sürətlər qutusunu 3 əsas qrupa bölmək olar:

  • Hidromexaniki - klassik avtomat sürətlər qutusu
  • Variator - CVT dediyimiz
  • Robotlaşdırılmış mexaniki sürətlər qutusu

Maraqlısı odur ki, sürücülərin əksər hissəsi öz avtomobilində hansı sürətlər qutusunun olduğunu bilmir. Burada az da olsa günah avtodilerlərdədir. Belə ki, onlardan yeni avtomobil alarkən müştəriyə ətraflı izah olunmalıdır. Belə ki, idarə etmə zamanı sürücü avtomobilinə bələd olmalıdır.

Necə deyərlər “atdım D-yə sürdüm” deməklə kifayətlənmək olmaz.

Yəni sürücü öz avtomobilində hansı tip sürətlər qutusunun olduğunu bilsə, onu necə idarə etməyi, ona necə xidmət göstərməyi biləcək ki, bu da öz növbəsində gələcəkdə sürətlər qutusu ilə bağlı problemlərdən sürücünü sığortalayacaq.


Bu məqaləmizdə də CVT, daha doğrusu variator tipli sürətlər qutusu haqqında, onu necə idarə etməli, nələri etmək olar, nələrisə etmək olmaz və servisi haqqında danışacağıq.


CVT - variator sürətlər qutusu pilləsiz, keçirmələri hiss elətdirməyən, unikal avtomatik sürətlər qutusudur.

Üstünlükləri nədir? Variatorlu maşınlar qısa zamanda sürətlənir, keçirmələr “vurmasız” baş verir, hansı ki müasir robot sürətlər qutusunda belə bunlar hiss olunur. Həmçinin variator sürətlər qutusunda yanacağa qənaət var ki, bu indiki dönəmdə çox həssas məsələdir.


Ümumiyyətlə, CVT - variator tipli sürətlər qutusu kifayət qədər dözümlüdürlər ancaq ona siz və ya sizə qədər aşağıda sadalayacağım kimi rəftar və xidmət göstəriblərsə. Normal istismar və baxım olunduğu zaman variator tipli sürətlər qutusunu 200.000 km-ə kimi problemsiz idarə etmək olur.

Bəs yaxşı variator sürətlər qutusunu necə idarə etməli?

  1. İlk növbədə variator sürətlər qutusu adi avtomat sürətlər qutusu kimi P – R – N – D keçirməlidir.
  2. Variator sürətlər qutusu soyuq halda işləməyi sevmir, az da olsa yerində avtomobili işlətməklə yağı qızdırmaq lazımdır. Çünki yağa qarşı çox həssasdırlar. Hələ-hələ soyuq iqlimdə yaşayırsınızsa bir mənalı olaraq qızdırmaq lazımdır.
  3. Həmçinin variatorlar “buksovka” dediyimiz rəftardan, yerindən ani sürətlənmə və tormozlamadan, yüksək temperaturdan qorxurlar. Yəni Variatorlu avtomobillər ilə hansısa avtomobili dartmaq və ya palçıqlı, sürüşkən yollarda off-road hissləri yaşamaq arzu olunmazdır. Aqressiv sürüşü heç sevmirlər.
  4. Variatorlu avtomobiliniz xarab olduqda digər avtomat sürətlər qutulu avtomobillər kimi yalnız və yalnız evakuator üzərində ustaya aparın. “At N-ə itələyək!” fikri heç də yaxşı fikir deyil.
  5. Qısa müddətli işıqfor və ya tıxaclarda qalarkən “N” – neytrala keçirməyə ehtiyac yoxdur. “D” vəziyyətində tormuz pedalın sıxıb saxlamaq kifayət edir.

Baxımı:

Bütün avtomat sürətlər qutusu kimi variator tipli sürətlər qutusunun da periodik baxıma ehtiyacı var. Baxım dedikdə, sadəcə vaxtı-vaxtında yağını dəyişmək kifayət edir.


Avtomobilin öz üzərində gələn yağı 60.000-80.000 km aralığında, daha sonra isə hər 45.000-50.000 km-dən bir dəyişmək daha məsləhətlidir.


“Variatorun yağı dəyişilmir” mifinə inanmayın. Yağa həssas olan sürətlər qutusunun, daim işlək hissələr arasında dolaşan, tez-tez temperatur fərqinə məruz qalan yağı necə dəyişilməyə bilər?

Nəticə:

Mövzunu yekunlaşdırmalı olsaq variator tipli avtomatik sürətlər qutusu yetəri qədər dözümlü, ekonomik, sürüşü çox rahat olan amma istismar qaydalarına çox ciddi əməl olunası bir aqreqatdır. Daimi olaraq şəhər yerində, hamar yollarda sürürsünüzsə gözəl seçimdir, yox əgər aqressiv sürüş tərziniz və ya off-road tipli yollarda tez-tez olursunuzsa məsləhət deyil.

 

Belə... Düşünürəm faydalı olacaq...

Cəfər Abdullayev

1156 19-10-2021

Paylaş:

Digər xəbərlər