HANSI BENZİN - 92 YOXSA 95?

95 markalı Premium benzinin bahalaşması fonunda son zamanlar sürücülər arasında “92 benzinə keçə bilərəmmi?”  və ya “filan avtomobil hansı markalı benzin ilə işləyir?” deyə sualllar yaranır.

Gəlin əvvəlcə qısa olaraq “oktan ədədi nədir?” ondan danışaq.

Uzun-uzadı elmi dildə yox, qısaca öz dilimizdə izah etməyə çalışacam.

Oktan ədədi - benzinin yüksək sıxılma və temperatur altında öz-özünə alışması nəticəsində detonasiyaya səbəb olan hadisəyə davamlılığını göstərən bir vahiddir. Yəni mühərriklərdə yanacağın detonasiyaya davamlılığını xarakterizə edən vahid.

Benzinin keyfiyyəti onun detonasiyaya davamlılığı (fransızca detoner - partlayış deməkdir) ilə müəyyən olunur. Oktan ədədi nə qədər yüksəkdirsə sıxılma anında öz-özünə alışmaya da o qədər davamlıdır.

Kiçik bir haşiyə çıxaq: Benzin-Hava qarışığı mütləqdir ki, vaxtında alışsın. Zamanından öncə alışma mühərrikdə qeyri-müntəzəm çalışmasına, həddindən artıq qızmasına, ən pis halda isə porşenin başlığının, üzüklərin zədələnməsinə - o da öz növbəsində mühərrikin yağ yeməsinə kimi aparıb çıxarır.

Yüksək oktan ədədi o demək deyil ki, 98 benzin 95-dən yaxşıdır. Sadəcə onlar müxtəlif mühərriklər üçün nəzərdə tutulub, daha doğrusu sıxılma nisbətinə uyğun oktan ədədi seçilməlidir.

Deməli dedik ki, oktan ədədin mühərrikin sıxılma nisbətinə görə seçməliyik.

Bəs yaxşı sıxılma nisbəti (rus.- степень сжатия, ing. - compression ratio) nədir?

Sıxılma nisbəti - porşenin aşağı ölü nöqtədə olan zaman silindirin həcminin yuxarı ölü nöqtədə olan zamanki həcminə nisbətidir. Yəni yanma kamerasına  gələn hava-benzin qarışığının  neçə dəfə sıxılmağının  göstəricisidir.

Məsələn:

Buradan aydın olur ki, mühərrikin sıxılma nisbəti nə qədər yuxarıdırsa istifadə olunan benzinin oktan ədədi də yuxarı olmalıdır. Cədvəl şəklində belə izah edək:

Sıxılma nisbəti Oktan ədədi
10.5-ə qədər 92
10.5 - 12.5 aralığında 95
12 - 14.5 aralığında 98

Mövzunu toparlasaq belə deyə bilərik ki, hər bir sürücü idarə etdiyi avtomobilinin mühərrikində sıxılma nisbətini bilsə hansı oktanlı benzindən istifadə edəcəyini rahatlıqla aydınlaşdıra bilər.

İndi isə ölkəmizdə ən çox istifadə olunan avtomobil markalarını misal gətirərək daha aydın izah etməyə çalışacam.

Birincisi onu qeyd edək ki, bütün növ turbo ilə təchiz olunmuş mühərriklərdə yalnız və yalnız 95 hətta bəzən 98 oktanlı benzin istifadə olunmalıdır. Bu bir mənalı belədir. Məsələn Kia və Hyundai-ın Turbo GDİ mühərrikli modelləri və ya BMW-nin Turbo və Twinturbo modelləri, Mercedes-in CGİ mühərrikli modelləri yüksək oktanlı benzin tələb edən avtomobillərdəndir.

Keçək atmosfer mühərriklərə. Bəli bu mühərriklərdə rahatlıqla 92 benzin istifadə edə bilərsiniz, lakin burada kiçik bir izaha ehtiyac var.

Yuxarıda da qeyd etdiyimiz kimi əgər mühərrikin sıxılma nisbəti 10.5 ə qədərdirsə icazə var, əks halda isə yox. Məsələn, son dövrlər Amerikadan gətirilən Hyundai və Kia-larda hansı ki, GDİ mühərriklər ilə təchiz olunmuş və sıxılma nisbəti 12-12.5 aralığında olan atmosfer mühərriklərdir. Bu avtomobillərdə 95 oktanlı benzindən istifadə olunmalıdır.

Mazdanın son modellərinə quraşdırdığı Skyactive mühərriklərində benzin sərfiyyatını və mühərrikin daha qıvraq olması naminə sıxılma nisbətini 12 hətta ən son nəsil mühərriklərdə 14-ə qədər qaldırmışlar, bu zaman bu avtomobil sahiblərinin də 95 oktanlı benzindən başqa çıxış yolu qalmır.

Şəhər yollarında olan Hyundai və Kialarda isə ən çox hallarda Gamma 1-ci və 2-ci nəsil MPİ, Toyota və Nissanlarda  DOHC, həmçinin Opel və Chevroletlərin üzərində olan və 2015-ci ilə kimi istehsal olunan modellərdə EcoTec mühərriklərdir ki, onlarda da 92 oktanlı benzin rahatlıqla istifadə oluna bilər.

Son olaraq yenədə sizə avtomobilinizin mühərrikinin sıxılma nisbətini araşdırıb oktan ədədini ona uyğun seçməyinizi tövsiyyə edirik.

Belə... Düşünürəm ki, faydalı olacaq. 

Cəfər Abdullayev

22027 27-09-2021

Paylaş:

Digər xəbərlər