FORD FUSİON VƏ CHEVROLET MALİBU MÜQAYİSƏSİ

Bu dəfəki araşdırmamız ən çox soruşulan 2 model haqqında olacaq. Amerikadan gətirilən Ford Fusion yoxsa Chevrolet Malibu alım? Söhbətimiz 2016-2018 ci illər arası bazarda, daha doğrusu Amerikadan gətirilən  avtomobillər bazarında yetəri qədər payları olan 2 model haqqında olacaq. Onu da qeyd edək ki, araşdırmamız bu modellərin sahibləri, ustaları və bu modelləri gətirən satıcıların rəyi əsasında hazırlanıb.

Hansı model özünü doğruldub? Hansı daha komfortludur?  Usta və ehtiyyat hissələri varmı?

Əvvəla onu deyək ki, bu 2 model son 1 ildə bizim bazara gəlməyə başlayıb. Əsas səbəb isə mühərrik həcmlərinin kiçik olması olması, yəni gömrük rəsmiləşməsinin daha ucuza başa gəlməsidir. 

İlk əvvəl hər iki modelin ortaq cəhətləri haqqında:

  • Hər iki model çox-çox gözəl görünüşlü və cəlb edicidir.
  • Hər ikisi DOHC tipli 4 silindrli, 1.5 turbo mühərrik ilə təchiz olunub.
  • Hər ikisi yalnız və yalnız Aİ-95 Super benzin ilə işləyir.
  • Hər ikisi D klass seqmentindədir,  yəni  geniş avtomobil sinfinə daxildirlər. 
  • Qiymətləri demək olar ki eynidir 22-26 min azn arası dəyişir.
  • Hər ikisində sürətlər qutusu 6 pilləli sadə avtomatdır.
  • Hər ikisində ön asqı Macpherson, arxa isə çox qollu sadə asqı sistemidir.

 

Fərqləri :

İnteryerdən başlayaq:

Fusiona oturursan və hiss edirsən ki, amerikan rahatlığı var. 

Funksiyaları - Salon təmamilə dəridən, torpedo isə yumuşaq plastikdəndir. Şüşələr 2 qatdır hansı ki, salondan avtomobili daha səssiz edir. Sürətlər qutusunun keçiricisi diyircəkli düymə ilə, oturacaq qızdırıcı və soyuducusu, adaptiv led işıqlanma, sükanın və oturacağın tənzimlənməsi elektrikli və yaddaşlı, sükandan sürətlər qutusunun idarə olunması lepistok dediyimiz keçiricilər, geniş ekran və s. 

Ümumilikdə avtomobil daxildən kifayət qədər müasir və cəlbedicidir. Bu qiymətə dəyir.

Keçək Malibuya - əyləşən kimi Ford Fusion fonunda bu avtomobildə elə bil nə isə çatmır. Forddan fərqli olaraq konsul torpedo hissəsi sərt plastik materialdandır, hətta qapı üzlükləri də. Oturacaqlar dəridir, amma ümumilikdə interyer cəlb edici deyil. Daxildən xaricdən görsəndiyi kimi elə də yapışmır adama. Yəni dissonans yaranır. Xarici görünüşü super, düşünürsən ki,  interyeri də belə olacaq amma elə deyil. Daxildən aşağı büdcəli avtomobil təəssüratı yaradır.

Funksiyaları - bütün amerikan avtomobilləri kimi top versiya. Kruiz-kontrol, zolaqda avtomobili tutma funksiyası, oturacaqların qızdırılması və soyudulması. Hətta Fusiondan fərqli olarq lyuk adi balaca şüşə  deyil, tavan  panoramadır. Cihazlar paneli bunların fonunda azmaz köhnə dizayndadır, amma qəribəliklər də var. Məsələn sükan arxası "lepistok" dediyimiz Fusionda olan  funksiyanın yerində media idarəetməsi var, qapılarda çətir qoymağa xüsusi ciblər, hətta qoltuqaltı konsulda telefon qoymağa balaca yuva belə var.

Salon genişliyinə görə Fusion bir az öndədir, o da, ön və arxa təkər arası məsafənin (колёсная база dediyimiz) Fordda 1 az çox olmasına görədir (2850mm fusion, 2829mm malibu). Fusionun baqajı da daha geniş və böyükdür (453 L fusionda, 447L malibuda).

Bu interyerləri haqqında. 

 

Xarici görünüşdən danışmaq məncə artıq olar, dediyimiz kimi hər iki avtomobil çox aqressiv və cəlb edicidir. Yalnız fərq dəmir qalınlığında hiss olunur. Fusionun dəmiri daha qalındır və belə desək daha möhkəm təəssürat bağışlayır. 

 

Texniki parametrlər fərqi:

At gücü - Fusion 181, Malibu isə 163 at gücüdür. 

Çəkisi - Malibu 1409 kq, Fusion isə 1575 kq-dır. Təbii ki, bu at gücü və ağırlıq Fusionu şəhərdə bir az çox benzin sərf etməyə məcbur edir. Belə ki, Fusion şəhərdə 10-11, Malibu isə 8-9 litr sərfiyyat verir. 

Benzin çəni - Malibuda 49 litr, Fusionda isə 62 litrdir. 

Uzunluq - Malibu 4923 mm, Fusion isə 4872 mm dir. 

Klirens - Malibuda 117 mm, Fusionda isə 135 mm-dir. Yəni Fusion bir az hündürdür. 

Ehtiyat hissələri :

Hər ikisinin həm yeni, həm də 2-ci əl bazarı var və tapılandır. Malibunun ehtiyyat hissələri  Fusion ilə nisbətdə daha rahat tapılır amma Fusiondan bahadır hətta deyərdim ki, Malibunun ehtiyyat hissələri BMW-nin ehtiyat hissələrindən belə bahadır.

Hər iki modelin başa bəla olacaq problemləri yoxdur. Yetəri qədər də dözümlüdürlər. Sadəcə hər iki maşının mühərrikləri yüksək temperaturdan, yəni qaynatmaqdan dəhşətli dərəcədə qorxurlar.

Malibunun Ecotec mühərrikləri ilə ustalarımız artıq Opeldən tanışdırlar deyə ustasını tapmaq elədə çətin deyil, Fusionun ecoboost mühərriki isə rəsmi servisin gətirdiyi Fiesta və Focus modellərində olan 1.6 mühərriklərin kiçildilmiş və problemləri aradan qaldırılmış versiyasıdır, yəni bu mühərriklərin də ustası var.

Yetər ki, benzin və yağına qarşı diqqətli olasınız. Çünki benzin və yağa qarşı çox həssasdırlar. Yalnız və yalnız minimum oktan ədədi 95 olan benzin və yüksək keyfiyyətli, tələbinə uyğun yağ istifadə olunmalıdır.

Belə... Düşünürəm ki, faydalı olacaq. 

Cəfər Abdullayev

11361 14-09-2021

Paylaş:

Digər xəbərlər