YENİ SÜRÜCÜLƏR AVTOMOBİLİ NECƏ SEÇSİNLƏR?

Sürücülük hüququnu qazanan kimi ilk ağlımıza gələn “hansı avtomobil alım?” sualıdır. Hər halda elə bir sürücü olmaz ki, ilk sürdüyü avtomobilini unutsun. Bu elə bir duyğudur ki, bəlkə də biz uşaqlıqdan xəyalımızda canlandırdığımız avtomobili anında peşəkarcasına idarə etmək istəyirik. Amma bunun üçün illər və təcrübə lazımdır. Bəs yaxşı, o təcrübəni necə maşında qazansaq daha yaxşı olar?!

 

Bizim cəmiyyətdə adətən bu tip suallarla dost-tanışa, qohum-əqrabaya üz tuturlar. Cavablar müxtəlif, modellər isə cürbəcür, insan seçimlər arasında itib-batır.

 

Bu səfərki məqaləmizdə yenicə sürücülük hüququ qazanmış sürücülərimizin hansı xüsusiyyətlərə əsaslanaraq avtomobil seçmələri, nələrə fikir vermələri kimi sualların ətrafında danışacıq.

 

Bahalı yoxsa ucuz?

 

İlk olaraq büdcəmizi müəyyənləşdirməliyik. Çox təəssüf ki, bəzən yeni sürücülər avtomobil almağı “yeni smartfon almaq” kimi düşünüb, alacaqları avtomobilin gələcək xərclərini nəzərə almırlar. Əlbəttə ki, hər avtomobilin baxım xərcləri var.

 

Bu gün bazarda kifayət qədər bahalı avtomobillər var. Amma dəyərmi?

 

Nəzərə alın ki, bu sizin ilk avtomobiliniz olacaq. Sözsüz ki, ilk vaxtlarda təcrübəsiz sürücü kimi avtomobilin qabaritlərini, bərbad yollarımızın nahamarlıqlarını nəzərə ala bilməyəcəksiniz və kiçik qəza, xəsarətlər qaçılmaz olacaq. Buna

görə də siz daha dözümlü və təmiri elə də çox xərc aparmayan avtomobillərə baxsanız daha yaxşı olar.

 

Böyük yoxsa kiçik?

 

Bir mənalı olaraq krossover və off-road tipli avtomobilləri siyahıdan çıxarın.

Yuxarıda qeyd etdiyimiz kimi hələ də yola və avtomobilin qabaritlərinə hakim olmayan sürücü parklamada, ötmə əməliyyatlarında, manevrlərdə və s. çətinlik çəkəcək.

 

Deməli “A”, “B” və“B+” kateqoriyasında olan avtomobillər tam da bizim axtardığımıza uyğundur.

 

Mexaniki pillələr qutusu yoxsa avtomat?

 

Yeni-yeni avtomobil idarə edənlər üçün avtomat pillələr qutusunu məsləhət görərdik.

Çünki, mexaniki pillələr qutusu xüsusi diqqət istəyir. Bakının belə sıx yollarında və tıxacda mexaniki pillələr qutusunu yerindən çətinliklə tərpədən yeni sürücü bu pillələr qutusu ilə rahat təcrübə toplaya bilməyəcək.

 

Güclü yoxsa zəif mühərrik?

 

Yuxarıda sadaladığımız xüsusiyyətlərə əlavə olaraq, yeni sürücülər üçün 150 at gücünə qədər olan avtomobillər kifayət edir. Aşağı at gücü olan avtomobil həm də yanacağa və periodik yağ dəyişmə prosesinə, təkərə və s. qənaət deməkdir.

 

Avtomobilin ili nə qədər mühümdür?

 

Birinci avtomobilini almaq istəyən şəxsi düşündürən suallardan biri də yeni, büdcəli avtomobil, yoxsa həmin məbləğə işlənmiş, prestijli və vaxtilə bahalı olan avtomobil sualıdır.

 

Prestijli amma köhnə avtomobilin fərqi odur ki, bu avtomobildə olan funksiyalar yeni, büdcəli modeldə olmayacaq.

 

Lakin burada bir nüans var.

 

Alacağınız həmin bu köhnə avtomobili sizə qədər necə idarə ediblər? Hansısa ağır qəza keçiribmi, mühərrikdə problem varmı, avtomobil suda batıbmı? - bunları bilməyəcəksiniz. 

 

Həm də yeni sürücünün avtomobilin texniki məsələlərindən elə də

anlayışı olmadığından, olduqca köhnə avtomobildə olan problemləri vaxtında bilməyəcək, ola bilsin hətta yolda qalacaq və bir növ ilk maşını onda nifrət yaradacaq.

 

Yeni avtomobilin üstünlükləri isə:

• Yeni avtomobil aldıqda yağ, filter, təkər və s. kimi xərcləriniz olmayacaq.

• Avtomobil tam saz vəziyyətdədir və istismara hazırdır.

• Avtomobilin çox güman ki, kasko və digər sığortaları olacaq.

• Ən əsası, avtomobil zəmanət altında olacaq.

 

Bütün bunlardan əlavə, almaq istədiyiniz avtomobildə airbag dediyimiz təhlükəsizlik yastıqlarının, əyləcin avtomatik bloklanması (ABS) və s. kimi təhlükəsizlik sistemlərin olmasına da mütləq şəkildə diqqət edin. Çünki təhlükəsizlik hər şeydən öndə gəlir.

 

İlk avtomobilinizi seçmək istəyərkən “hansı maşını alım?” fikri ilə deyil də, yuxarıdakı kateqoriyalar əsasında seçimlər etsəniz sizə daha rahat seçim imkanı olacaq.

 

Belə.. Düşünürəm faydalı olacaq.

Cəfər Abdullayev

499 03-12-2022

Paylaş:

Digər xəbərlər