AMERİKA, AVROPA YOXSA KOREYA?

Bu dəfə istər avtomobil forumlarında, istərsə də Masterclass səhifəmizdə ən çox soruşulan bir mövzuya toxunmaq qərarına gəldik. Növbəti avto müqayisəmizdə ölkəmizə gətirilən “Amerika və Koreya istehsalı olan Hyundai və Kia markalı maşınların nə kimi fərqləri var?” və “Bizim yerli distribütordan (servis dediyimiz) alınan avtomobil  niyə bahadır?” suallarına aydınlıq gətirməyə çalışacağıq.

Mövzunu konkret  bir model - Hyundai Elantra MD (2011-2015-ci illər istehsalı) haqqında aparacağıq  ki, mövzudan kənara yayınma olmasın. Nəzərə alın ki, Hyundai və Kia mühərrik, sürətlər qutusu və asqı sisteminə görə çox da fərqlənmirlər, bu səbəblə də bu müqayisəni Kia modellərinə də şamil etmək olar.

Beləliklə başlayaq… Amerika və Avropada bu model Elantra öz vətəni Cənubi Koreyada isə Avante adlanır.

Başlayaq  elə okenanın o tayından - Amerika istehsalı Hyundai Elantralardan, son dövrlərdə ölkəyə ən çox idxal olunan və çox da satılmaqda olan bir modeldir.  Bəs yaxşı üstünlükləri nədir? 

+ Çox vaxt Amerikadan gətirilən bu avtomobillər tam (full) komplektasiya olur. Ən sadə komplektasiyasında belə “touchscreen” balaca media player və arxa görüntü kamerası var. Bizə isə çox vaxt ya limited ya da orta komplektasiya gəlir. Hansı ki, bu modellərdə həmçinin start-stop, oturacaq qızdırıcısı, şüşə lyuk və s. olur.

+ Dəmiri ilk baxışda möhkəmlik hissi verir, qapıların bağlanması belə servis Elantralardan fərqlənir.

+ Amerikadan avtomobil alarkən və ya sifariş edərkən Carfax raport dediyimiz tarixçə ilə avtomobilin orada başına gələnləri, avtomobilin servis tarixçəsini, hətta yürüşünün orijinal olub, olmadığını yoxlaya bilərsiniz.

Bəs yaxşı mənfi cəhətləri nədir?

 Sürəti və yürüşü mil ilə göstərməsi sürücülərdə ilk başda çaşqınlıq yaradır. “A” və “B” triplər isə sıfırlayandan sonra cəmi cümlətanı 1000 mil (1600 km) məsafə qət etmək imkanı verir və daha sonra özü sıfırlanır ki, bu da uzun məsafələrdə heç  əlverişli deyil.

  Ehtiyat hissələrinin  bir az çətin tapılması. Yeni-yeni  idxal olunduğundan ehtiyat hissələri bəzən servis avtomobillərinin hissələri ilə fərqlilik təşkil edir və müqayisədə çətin tapılır, amma heç tapılmır deməzdik.

Amerika bazarından gələn istənilən avtomobil zədəli gəlir, bu birmənalı belədir. Amma məsələ qalır zədənin dərəcəsinə və təmir edənin insafına.

  Mühərriklərinin yüksək oktanlı benzin tələb etməsi. Hətta 1.8 MPİ mühərrikləri belə bizim yerli distribütorun satdığı  1.8 ilə müqayisədə fərqlidir  (şəxsən öz avtomobilimdə şahidi olmuşam). Zəncir və yağ pompasında belə fərq var.

GDİ mühərriklər ilə təchiz olunan versiyaları yalnız və yalnız 95 oktanlı benzin ilə işləyir ki, bu da öz növbəsində bahalı  yanacaq deməkdir.

Və sonda klirens (yerdən hündürlüyü) bizim servis dediyimiz modellər ilə müqayisədə bir az daha aşağıdır.

 

Üzü şərqə doğru getdikcə bəzi Avropa ölkələri  üçün - əsasən yaxın Şərq və Post Sovet ölkələri üçün istehsal olunmuş Elantraların müsbət və mənfi cəhətlərini deyək.

+ Ən böyük üstünlüyü bizim 92 oktanlı benzin ilə işləyə bilməsidir. Amma bir mənfi cəhəti at gücünün aşağı olmasıdır. Məsələn ABŞ  istehsalı 1.8 MPİ mühərriklər 148 at gücüdürsə bizim distribütorun gətirdiyi 1.6 mühərriklər 128 at gücüdür. Hansı ki, yanacaq sərfiyyatı və performansda daha çox sərfiyyat ilə özünü göstərir. Yeri gəlmişkən 2013-cü ilin sonlarından artıq 1.8 mühərrik ilə təchiz olunmuş “servis” Elantralar gəlməyə başladı, amma onlarında at gücü aşağı - 138 at gücüdür. Çox güman bizim yanacağın keyfiyyətsizliyi nəzərə alınaraq belə edilib, çünki yuxarı at gücündə mühərriklərə yuxarı oktanlı benzin lazımdır.

+ “Servis” dediyimiz avtomobilin daha bir üstünlüyü klirensinin Amerika və Koreya modelləri ilə müqayisədə yuxarı olmasıdır. Yəqin ki, bizim yollar nəzərə alınıb ☺.

+ Digər bir üstünlüyü isə ehtiyat hissələrinin çox rahatlıqla tapılmasıdır.

Məncə yuxarıda sadaladığım müsbətlər “servis”  Elantraların qiymətinin yuxarı olmasına səbəb olur.

Keçək mənfilərə...

Düzdür 92 oktanlı benzin ilə işləməyin müsbət hal kimi qeyd etdim amma benzin keyfiyyətinin aşağı olmasından dolayı mühərrikin səsli işləməsini,  şamlarının və benzin filterinin tez-tez sıradan çıxmasını mənfi hal kimi qeyd etməyə bilməzdim.

Dəmiri həqiqətən də nazikdir. Rəng örtüyü də həmçinin Amerika, Koreya istehsalı ilə müqayisədə nazikdir.

Komplektasiya seçimi çox da əlverişli deyildi, o illərdə olan Elantralar üçün məsələn orta komplektasiya Amerika istehsalı Elantralarda şüşə lyuk və açarsız daxil olma var idisə, servis Elantralarda sadaladıqlarıma yalnız ən üst “full” dediyimiz variantlarda görə bilirdin, amma son nəsil avtomobillərdə bu mənfi cəhət aradan qaldırıldı.

Əksər sürücülər “servis” Elantraların Amerika və Koreya variantları ilə müqayisədə sanki bir az sərt olduğunu, hətta salon plastmaslarının belə aşağı keyfiyyətdə olduğunu vurğulayırlar.

−  Və sonda “servis” Elantraların sürüş zamanı səs-küylü olması yəni mühərrik və yolun səsinin salonda eşidilməsi. Düzdür bu Hyundai və Kiaların əksəriyyətində ən məşhur problemdir, amma nədənsə yerli distribütorların gətirdiyi modellər Amerika və Koreya modellərdən yad səslərin salonda daha çox eşidilməsi ilə fərqlənirlər.

Gəldik çıxdıq Elantranın öz vətəni olan Cənubi Koreya modellərini incələməyə...

Müsbət cəhətləri nədir?

+ Mühərrik seçiminin olması. Belə ki, Cənubi Koreyadan siz avtomobil sifariş edərkən benzin, dizel və hətta zavod istehsalı LPG ilə təchiz olunmuş variantları belə seçə bilərsiniz.

+ Mexaniki sürətlər qutusu sevərləri üçün də Koreya bazarında seçimin olması.

+ Komplektasiya seçimi - Amerika istehsalı Elantralarda olduğu kimi həddindən artıq çox dolu “full” olmasıdır. İstənilən komplektasiyasında arxa görüntü kamerasının olmasını qeyd etmək olar, hətta ən dolu versiyasında belə oturacaqların elektrikli idarə etməsi və arxa oturacaqların qızdırıcılı olmasın deyə bilərik.

+ Asqı sisteminin fərqli, daha dəqiq desək daha möhkəm olmasını Avante sürənlər qeyd edə bilər, amma Amerika istehsalı qədər möhkəm ola bilməz.

+ Servis ilə müqayisədə cihazlar panelinin, salon plastmasının hətta sükan üzlüyünün daha keyfiyyətli olması və daha bol elektron avadanlıqlar ilə təchiz olunması.

 

Mənfi cəhətləri nədir?

−  Servis Elantralarda rast gəldiyimiz MPİ mühərriklərə Koreya satış səhifələrində nadir hallarda rast gəlməyimiz. Belə ki, Koreyadan gələn benzin avtomobillər  ən çox GDİ mühərriklər ilə təchiz olunur.

Ehtiyyat hissələrinin çox çətin tapılması. Xüsusilə LPG və dizel mühərrikli modellərində ehtiyyat hissələri elə də əl çatan deyil.

Klirens - Amerika modelləri kimi Koreya modellərində də klirens “servis” Elantralar ilə müqayisədə bir balaca aşağıdır. Bu isə Koreya yollarının mükəmməlliyindən xəbər verir.

Yürüşün orijinal olmaması. Koreyadan gələn avtomobillərdə yürüş 95% hallarda orijinal olmur. Düzdür orijinal yürüş ilə auksion keçirən saytları var amma o zaman avtomobil baha başa gəlir. Ən böyük problem isə benzin mühərrikli avtomobil sahibləri yaşayır. Dizel mühərrikli avtomobil sahibləri Koreyadan gələn avtomobilini kompüter diaqnostikasını etdirən zaman qurum süzgəcinin regenerasisayı sayına əsasən neçə km sürüldüyünü aydınlaşdıra bilir, amma bu xoşbəxtlik Koreyadan benzin mühərrik alan avtomobil sahiblərinə qismət olmur.

Auksion və ya satış qiymətlərinin baha olması. Koreya saytlarından alınan xüsusilə benzin mühərrikli maşınlar baha başa gəlir, yəni Amerikan modellərindən baha amma “servis” modellərinə yaxın bir qiymət aralığında olur.

və sonda orijinal adı Avante olan Koreya Elantraların ehtiyyat hissələrinin “servis” Elantralar ilə müqayisədə bir balaca baha olmasını mənfi hal kimi qeyd edə bilərik.

 

Belə...  Bu müqayisəni istənilən Kia və Hyundai modellərinə tətbiq etmək olar. Yetər ki, eyni model, eyni seqment, eyni sinif avtomobillər olsun. 

Amerika, Distribütor yoxsa Koreyadan avtomobil almaq, seçim etmək istəyənlər üçün çalışdım ki, müqayisəni göstərim.  Güman edirəm faydalı olacaq..

Cəfər Abdullayev

5776 02-11-2021

Paylaş:

Digər xəbərlər